Toxucular və bütün texniki işçi heyəti tam şəkildə işinin başına dönüb
Azərbaycan dünyanın qədim xalçaçılıq mərkəzlərindən biri hesab olunur. Çoxəsrlik ənənələri olan xalçaçılıq sənəti haqlı olaraq Azərbaycan dekorativ-tətbiqi incəsənətinin incisi sayılır. Azərbaycanın hər bölgəsi özünəməxsus xüsusiyyətləri ilə səciyyələnən xalçaları və xalça məmulatları ilə məşhurdur. Azərbaycanda yerli xalçaçılıq məktəbləri bir-birini zənginləşdirən və tamamlayan qarşılıqlı təsir gücünə malikdir. Hazırda Azərbaycanın əsas xalçaçılıq mərkəzi “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti hesab olunur. Bir müddət əvvəl ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə yeni sədr təyin olunub. “Həftə içi” qəzetinin müsahibi qurumun sədri Emin Məmmədovdur.
- Emin müəllim, artıq bir neçə aydır ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat almısınız. “Azərxalça”da hansı islahatları aparmağı planlaşdırırsınız?
- İlk islahatımız o oldu ki, pandemiya dönəmi ilə əlaqədar olaraq, 1 ildən çoxdur fəaliyyətini tamamilə dayandırmış 20 regionda yerləşən 21 “Azərxalça” ASC emalatxanasının fəaliyyəti tam bərpa edildi, toxucular və bütün texniki işçi heyəti tam heyətlə işinin başına geri döndü. Bütün emalatxanalara baş çəkib cari vəziyyətlə tanış oluruq. Görüşlər zamanı emalatxanaların təsərrüfat vəziyyəti, istehsal prosesində yaranmış problemlər, filialların yay mövsümünə hazırlıq səviyyəsi, iş yerlərinin texniki durumu, xammal təchizatı kimi məsələlər müzakirə olunur. İşçi heyətinin hər biri ilə tanış olduqdan sonra nəzərlərinə mövcud istehsal prosesində aparılacaq əsaslı islahatları da çatdırmışıq. Əməkdaşlar ümumi tanışlıqdan razı qaldılar və artıq görürəm ki, göstərilən bu diqqət onlarda ruh yüksəkliyi yaradıb, onlar daha da əzmlə çalışmağa can atırlar.
- Azərbaycan xalçalarının dünya miqyasında daha dolğun təbliğatının aparılması yolunda əsas hədəfləriniz nədən ibarətdir?
- Azərbaycan xalçası hər zaman dünyada öz keyfiyyəti, gözəlliyi və ən əsası, qədimliyi ilə diqqət mərkəzində olub. Buna baxmayaraq, son dövrlərdə “Azərxalça” ASC-nin məhsullarının xaricə ixracı prosesi çox zəif həyata keçirilir. Xaricə ixrac prosesi demək olar ki, yox səviyyəsindədir. “Azərxalça” ASC-nin yeni komandasının da əsas məqsədlərindən biri məhz Azərbaycan xalçalarının xaricə ixracı prosesini bərpa etməkdir. Bunun üçün Azərbaycan xalçasını yalnız məişət əşyası kimi deyil, mədəniyyət nümunəsi, milli-mənəvi dəyər və tariximizin bir parçası kimi təqdim etməliyik. Bu yolda bir çox addım artıq atılır.
- Məlum olduğu kimi, bu ilin əvvəlində ermənilər Azərbaycana məxsus olan Şuşadan oğurladıqları xalçaların qondarma “Arsax” xalçaları adı altında sərgisini təşkil etdilər. Həmin xalçaların Azərbaycana qaytarılması üçün “Azərxalça”nın hansısa addımlar atmaq səlahiyyəti varmı?
- Bildiyiniz kimi, “Azərxalça” ASC xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricində satışının təşkili işi ilə məşğuldur. Bu məsələlərlə məşğul olan, milli mənəvi irsimizin qorunub saxlanılması uğrunda daim mübarizə aparan müvafiq qurumlar var.
- Hazırda “Azərxalça”nın müəssisələri necə işləyir? Fəaliyyətləri tam bərpa olunubmu?
- Bəli, bütün emalatxanalarda fəaliyyət tam bərpa olunub. Hər emalatxanamızda 150 toxucu və 12 inzibati-təsərrüfat işçisinin çalışması üçün tam şərait var. Binalarımız toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Hazırda hər bir emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Bundan əlavə, bilirsiniz ki, bizim emalatxanaların əsas işçiləri xanımlardır. Regionlarda isə xanımların çalışmaları ilə bağlı çox problemlər var. Biz həmin xanımları nəqliyyat vasitəsilə təchiz edir, ən ucqar kənddə yaşayan və çalışmaq istəyən toxucuya belə yardım göstəririk. Biz başa düşürük ki, uğurumuz toxucu xanımların əməyinə, əziyyətinə verilən qiymətdən keçir.
- İşğaldan azad olunmuş bölgələrdə xalçaçılığın inkişafı üçün nə cür planlarınız var?
- Qarabağ zonasında 3 emalatxanamız var – Horadiz, Ağdam və Tərtərdə. Yeri gəlmişkən, qeyd edim ki, bunlar ən fəal zonalarımızdan hesab olunur. Təbii ki, işğaldan azad olunmuş bütün rayonlarımızda emalatxanamızın açılacağı günü böyük səbirsizliklə gözləyirik.
- Bu gün Azərbaycan xalçalarına dünya bazarında tələbat necədir? Sifarişlər daha çox hansı ölkələrdən gəlir?
- Əvvəldə də qeyd etdiyim kimi, təəssüf ki, bu gün Azərbaycan xalçaları dünya bazarında tarixi adını qoruyub saxlaya bilmir. Bizim çeşnilərimiz əsasında toxunan xalçalarımızı digər – Çin, Pakistan, Banqladeş kimi ölkələr daha ucuz qiymətlərlə bazara çıxarır. Biz bu proseslə mübarizə aparmağa başlamışıq. Biz əminik ki, “Azərxalça” ASC-nin öz tarixi və gözəl ad-sanını həm Azərbaycanda, həm də xaricdə özünə qaytaracağıq. Biz dünya bazarına klassik, ənənəvi Azərbaycan xalçaları ilə yanaşı milli, ənənəvi köklər əsasında hazırlanmış modern xalçaları da çıxarmağı planlaşdırırıq.